
Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan 12 Noyabr – Konstitusiya Günü ölkəmizin hüquqi və demokratik inkişaf yolunu, milli dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə əks etdirən əlamətdar gündür. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin siyasi, hüquqi və iqtisadi quruluşunun əsaslarını müəyyənləşdirməklə yanaşı, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinin, cəmiyyətin inkişafının və dövlət idarəçiliyinin fundamental hüquqi bazasını təşkil edir.
Azərbaycanın müasir Konstitusiyasının qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə sıx bağlıdır. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan mürəkkəb siyasi vəziyyət, dövlət idarəçiliyindəki böhran və hüquqi nizamsızlıq yeni Konstitusiyanın hazırlanmasını zəruri edirdi. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasları formalaşdırıldı.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu tarixi hadisə ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində yeni mərhələyə qədəm qoymasını təmin etdi. Ulu Öndər Heydər Əliyev Konstitusiyanın hazırlanması və qəbulunu müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ən mühüm tarixi addımlardan biri hesab edirdi. Onun rəhbərliyi ilə hazırlanmış Əsas Qanun ümumbəşəri dəyərlərə, milli ənənələrə, insan hüquq və azadlıqlarına, demokratik prinsiplərə əsaslanırdı.
Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin, suverenliyimizin, milli dövlətçiliyimizin və hüquqi inkişafımızın əsas təminatıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konstitusiyaya hörmət, qanunun aliliyinə riayət və milli dövlətçilik dəyərlərinin qorunması hər bir Azərbaycan vətəndaşının mühüm vəzifəsidir.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə əsaslanaraq hüquqi dövlət quruculuğu üçün möhkəm zəmin formalaşdırmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, 1995-ci ildə referendum yolu ilə qəbul edilən Konstitusiya Azərbaycan xalqının müasir, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu mərhələsinə keçidini təsbit etmişdir.
Bu gün müstəqil Azərbaycan dövləti regionun lideri, dünyada söz sahibi olan və iqtisadi cəhətdən qüdrətli bir ölkədir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətimizin parlaq gələcəyinin zəmanətidir. Dövlətimiz var olduqca, üçrəngli bayrağımız mavi səmalarımızda, azad torpaqlarımızda və beynəlxalq kürsülərdə daim dalğalanacaq, Ulu Öndərin dediyi kimi, bu şərəfli yüksəkliklərdən heç vaxt enməyəcəkdir!
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



