Analitika

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, xalqımızın Ümummilli Lideri, dahi və müdrik Şəxsiyyət, dünya şöhrətli siyasətçi… Nə qədər ifadə etsək belə, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, qorunması, təməllərinin möhkəmləndirilməsi, inkişafı, tərəqqisi, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi əvəzsiz xidmətləri, qətiyyətli fədakarlığı, dönməz mübarizliyi barədə danışmaq yetərsizdir. Çünki Ulu Öndərin atdığı hər bir tarixi addımı bilavasitə bir amala – Azərbaycan dövlətinin və xalqının müstəqillik məfkurəsinin yaradılmasına yönəlmişdi. Heydər Əliyevin 1993-cu il 15 iyun tarixində Milli Məclisdə etdiyi çıxışdan: “Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm”. “Əziz həmvətənlər, hörmətli bacılar və qardaşlar! Son vaxtlar erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü nəticəsində respublikada yaranmış vəziyyətlə əlaqədar mən bu gün televiziya studiyasına gəlib, bəzi fikirlərim və mülahizələrim haqqında sizinlə söhbət aparmaq, öz rəyimi bildirmək istəyirəm. Azərbaycan Respublikası, onun vətəndaşları beş ildən çoxdur ki, müharibə şəraitindədirlər. Bu müddətdə erməni silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzü mütəmadi olaraq davam edib, respublikamızın ərazi bütövlüyü aybaay, ilbəil pozularaq, onun torpaqları təcavüzkar tərəfindən işğal olunubdur, indi isə böyük bir qismi işğal altındadır. Son həftələr Azərbaycanda, respublikanın Ermənistanla həmsərhəd bölgə və rayonlarında vəziyyət daha da gərginləşmiş”.

Türkiyə ilə Azərbaycan arasında əlaqələrin böyük tarixi var. Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Əsrlər boyu xalqlarımız bir-birinə oxşayan, yaxud azca fərqlənən adət və ənənələrini, mədəniyyət və elmini qoruyub saxlamış və inkişaf etdirmişlər. Əsrlər boyu xalqlarımız bir olmuş, çiyin-çiyinə vermişlər, Azərbaycan ilə Türkiyə arasında əlaqələri dostluq, qardaşlıq əlaqələri adlandırmışlar. Bu əlaqələr bir xalqdan, bir kökdən gələn xalqların əlaqələridir. Bu, keçmişdə də belə olmuşdur və əlaqə saxlamağa imkanımız olmadığı vaxtlarda da qəlbimizdə məhz belə olmuşdur, indi də belə olaraq qalır. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi birbirimizdən ayırmağa çox çalışsalar da, buna müvəffəq olmamışlar. Odur ki, bundan sonra da heç bir qüvvə bizi birbirimizdən ayıra bilməyəcəkdir. İndi Azərbaycan Respublikası müstəqil bir dövlətdir.

XX əsrdə bütün dünya tarixində çox böyük dəyişikliklər baş vermişdir. O cümlədən də Azərbaycan xalqının həyatında. XX əsrin əvvəllərində Azərbaycanda bir neçə siyasi qüvvə, xüsusən Azərbaycanın milli azadlığı naminə çarpışan qüvvələr olmuş, onlar Azərbaycanın müstəqilliyi, istiqlalı, milli azadlığı uğrunda mübarizə aparmışlar. O vaxtlar Azərbaycan ilə Türkiyə arasında əlaqələr sıx olmuşdur. Bütün bunların nəticəsində 1918-ci ildə Azərbaycanda ilk demokratik dövlət yaradılmışdır. Azərbaycan 200 il ərzində Rusiya imperatorluğunun tərkibində olmuşdur. Şübhəsiz ki, bu dövrdə Azərbaycanın həyatında keşməkeşli mərhələlər, hər cür çətinliklər olmuşdur. Qeyd etdiyim kimi, nəhayət, 1918-ci ildə Azərbaycanda ilk demokratik cümhuriyyət yaradılmışdır. Əlbəttə, bu, tarixi proseslərin nəticəsi idi. Rusiya imperatorluğu dağılmış, Rusiya ərazisindəki xalqlar öz həyatını istədikləri kimi qurmağa çalışmışlar. Eləcə də Azərbaycan xalqı müstəqil dövlət qurmaq arzusunu həyata keçirməyə çalışmış və buna 1918-ci ildə nail olmuşdur. Bu müstəqil Azərbaycan Cümhuriyyəti iki il yaşamışdır. Həmin dövr çox ağır, ziddiyyətli və çətin dövr olmuşdur. Əvəzində Azərbaycan xalqı ilk dəfə müstəqilliyin dadını görmüş, onda müstəqilliyə nail olmaq inamı yaranmışdı.

Ulu öndərin 21 Mart 1996-ci il Novruz bayramı ilə əlaqədar etdiyi çıxışdan: “Əziz həmvətənlər, bacılar və qardaşlar! Əziz Bakı sakinləri, Azərbaycan vətəndaşları! Bu bayram – Novruz bayramı, milli bayramımız günü mən sizi, bütün Azərbaycan vətəndaşlarını səmimi qəlbdən təbrik edirəm. Sizə, bütün Azərbaycana sülh, əmin-amanlıq, xoşbəxtlik, firavan həyat arzulayıram. Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Bu bayram həm adi insan bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir. Hər bir vətəndaş, hər bir insan, hər bir azərbaycanlı, Azərbaycan torpağında yaşayan hər bir insan bu bayramı öz qəlbində, öz evində, obasında, ailəsində bayram edir. Ola bilər ki, dövlət bayramını kimsə bu bayram kimi qəbul etsin, amma qəlbində ona başqa münasibət göstərsin. Ola bilər ki, bir Ümumdünya bayramına da kimsə başqa münasibət göstərsin. Ancaq Novruz bayramı hər bir azərbaycanlı demək olar ki, anadan olandan onun qəlbində, ürəyində, ruhunda, fikrində yaşayan bayramdır. Ona görə də bu bayram bütün insanları coşdurur, Azərbaycanda olan hər bir insanı sevindirir, şənləndirir. İnsan nə qədər qəm-qüssə içində olsa da, bu bayramda özünü şən əhval-ruhiyyədə hiss edir.

Hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycan gənclərini həmişə dəstəkləmişdir. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Əliyeva Günel,
Xəzər rayonu, 183 saylı orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button