
Azərbaycanın üçrəngli Dövlət Bayrağı tarix boyu xalqımızın müstəqillik və azadlıq arzusunun ifadəsi olmuşdur. Bu bayrağın hər qarış Vətən torpağında dalğalanması xalqımızın ən böyük arzularından biri idi. Xüsusilə Qarabağın tacı sayılan Şuşada bayrağımızın yenidən ucaldılması milli tariximizin ən qürurlu hadisələrindən biri kimi yadda qalmışdır.
Şuşa Azərbaycan xalqının mədəniyyətinin, musiqisinin, ədəbiyyatının və milli kimliyinin beşiyidir. Uzun illər işğal altında qalan bu şəhərin azad edilməsi xalqımızın tarixi ədalətə qovuşması demək idi. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Şuşa şəhəri işğaldan azad edildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi gücünü bütün dünyaya nümayiş etdirdi. Şuşanın azad olunması əməliyyatı Azərbaycan əsgərinin cəsarətinin, peşəkarlığının və Vətən sevgisinin parlaq nümunəsi oldu. Bu qələbə üçrəngli bayrağımızın azad torpaqlarda dalğalanmasına yol açdı.
Bu gün Şuşada dalğalanan Dövlət Bayrağı yalnız bir şəhərin azadlığını deyil, bütöv xalqın yenilməz iradəsini ifadə edir. Şəhərdə aparılan bərpa və quruculuq işləri, mədəni tədbirlər və beynəlxalq görüşlər Şuşanın əvvəlki şöhrətinə qovuşduğunu göstərir. Bayrağımız bu dirçəlişin ən mühüm rəmzidir.
Şuşada ucalan üçrəngli bayrağımız şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və Azərbaycan xalqının birliyini təcəssüm etdirir. Bu mənzərə hər bir azərbaycanlıya qürur verir. Şuşada bayrağımızın dalğalanması tariximizin, milli iradəmizin və dövlət suverenliyimizin təntənəsidir.
Bahadur Məmmədov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədr müavini



